Free Azerbaijan

All the news you need and more

Əfqan Sadıqovun ailəsi hakimiyyətdən onun taleyinə biganə qalmamağı xahiş edir

“Azel.Tv” saytının rəhbəri, həbsdə olan Əfqan Sadıqovun anası Hürnisə Sadıqova və qardaşı Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya yeni videomüraciət ediblər.

Məhbusun qardaşı Azər Sadıqov deyib ki, Əfqan təxminən 90 gündür ki, ədalətsiz hökmün ləğv edilməsi tələbilə aclıq edir. Yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsi şikayətə baxılmasını növbəti dəfə təxirə salıb. Həmin gün Ə.Sadıqov sayıqlamağa başlayıb və komaya düşüb. Bundan sonra onu reanimasiyaya köçürüblər.

Ə.Sadıqova şlanq vasitəsilə qidalandırıcı  maddələr verirlər və vitaminlərin inyeksiyası üçün damcısalan qoyulub. Bundan sonra o, özünə gəlib, ancaq ümumi vəziyyəti ağır olaraq qalır. Yanvarın 28-də şikayəti təmin olunmasa, ölüm hökmü olacaq, qardaşı bildirib.

Öz növbəsində, Ə.Sadıqovun anası ölkə rəhbərliyini apellyasiya şikayətinə ədalətli baxılmasını və saxta ittihamların oğlunun üzərindən götürülməsini təmin etməyə çağırıb.

“Oğluma ədalət istəyirəm, onun əsassız təqib edilməsinin dayandırılmasını istəyirəm”, – ana deyib. O, ölkə rəhbərliyinə əvvəlki çağırışının hələ də eşidilmədiyindən təəssüfləndiyini bildirib.